31 Oktyabr 2020 | Şənbə | Saat: 07:45:53
“Koronavirusun fəsad yaratmadığı daxili orqan yoxdur”
“Koronavirusun fəsad yaratmadığı daxili orqan yoxdur”
Oxunma sayı: 3495

"Koronavirusla bağlı əvvəldən proqnoz vermək bir qədər çətindir. Gün keçdikcə xəstəliklə həm mübarizədə, həm də müalicədə dünya təcrübə qazanır".

"wap.Net.az" xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan "Hədəf" verilişində həkim Xəyyam Eyvazov koronavirusla mübarizə tədbirlərindən və xəstəliyin fəsadlarından danışarkən deyib.

Həkim bildirib ki, koronavirusun bir ay əvvəl yaratdığı tibbi problemlər indi dəyişib: "Zaman keçdikcə biz təcrübə qazanırıq. Həm dövlətlər, həm həkimlər düşünürlər ki, necə edək ki, pandemiyadan daha az itki ilə çıxaq".

X.Eyvazov qeyd edib ki, bu gün insanlarımız peyvəndi gözləyirlər: "Amma peyvəndə qədər olan yolda virusdan qorunmaq üçün əsrlərdir sınanmış, qəbul olunmuş tədbirlər var - karantin rejimi və sanitar-gigiyenik vasitələrə əməl etmək.  Bu gün danılmaz faktdır ki, pandemiya ilə mübarizədə ən effektiv üsul sosial izolyasiyadır, karantin tətbiqidir. Biz ilk əvvəldən karantin rejiminin effektini gördük, yoluxma vüsət almadı. Amma sonra insanlarımız karantinə əməl etmədilər, nəticədə virusun yayılması sürətləndi".

Həkim bildirib ki, koronavirus təkcə ağciyərləri zədələmir: "Bu xəstəlik beyini, qara ciyərləri, böyrəkləri zədələyə bilir. Yəni ki, koronavirusun fəsad yaratmadığı daxili orqan yoxdur".

X.Eyvazovun sözlərinə görə, bəzən vurğulanır ki, COVID-19-a yoluxanların 80 faizi xəstəliyi yüngül keçirəcəklər, virus ancaq yaşlılarda ağır keçir: "İnsanlarımız bu rəqəmi görürlər, bir az arxayınlaşırlar. Bu, əsla belə deyil. Bu gün təəssüflər olsun ki, koronavirusdan gənc yaşında vəfat edən vətəndaşlarımız var. Mən burdan hər kəsə çağırış edirəm, arxayınlaşmasınlar. Heç kəs xəstəliyi necə keçirəcəyini proqnozlaşdıra bilməz. Çıxış yolumuz karantinə əməl etmək və özümüzü qorumaqdadır".

Digər Xəbərlər